MƏDƏNİYYƏT
Kinorejissor Cavanşir Məmmədovun anadan olmasının 100 illiyi qeyd ediləcək
Bakı, 1 avqust, Ceyhun Alışov, AZƏRTAC
Oktyabr ayında Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Xalq Artisti, Azərbaycan və Türkmənistanın Əməkdar İncəsənət Xadimi, kinorejissor və operator Cavanşir Məmmədovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
Dövlət Film Fondundan AZƏRTAC-a bildirilib ki, gecədə görkəmli sənətkarın həyat və yaradıcılıq yolunu əks etdirən “Cavanşir Məmmədov - 100” adlı fotosərgi nümayiş olunacaq, Aydın Kazımzadənin onun haqqında yazdığı “Kinokamera gəzdirən adam” kitabından söz açılacaq.
Qeyd edək ki, Cavanşir Məmmədov tamaşaçıların rəğbətini qazanmış “Xəzər neftçiləri haqqında dastan”, “Dənizi fəth edənlər” , “Kirov adına körfəzdə”, “Xəzər dənizçiləri” , “416-cı”, “Təbiətin dostları”, “Keçmişin şahidləri”, “Azərbaycan mədəniyyətinin baharı”, “Azərbaycan elmi”, “Lənkəran”, “Lahıc dağlarında əks-səda” sənədli, “Görüş” və “Mahnı belə yaranır” bədii filmlərini çəkib.
Mədəniyyət tariximizə adını kinorejissor, operator kimi həkk edən Cavanşir Məmmədovun yaradıcılıq diapazonu olduqca geniş olub. O, respublikamızda xronika və sənədli filmlərin əsasını qoyub. Onun çəkdiyi müxtəlif filmlər mövzu, sənətkarlıq cəhətdən həmişə seçilib. Bir rejissor kimi təbiiliyi, dəqiqliyi, milli koloriti yerli-yerində işlətməyi, maraqlı detallar tapmağı bacarırdı.