DÜNYA
Kipr Bankı ilin sonunadək əməkdaşlarını kütləvi şəkildə işdən azad edəcəkdir
Bakı, 20 iyun (AZƏRTAC). Kipr Bankı bu ilin sonunadək təxminən 2,5 min əməkdaşını işdən azad edəcəkdir.
Bu barədə məlumatı Bankın Direktorlar Şurasının müvəqqəti sədri Sofoklis Mixaelidis vermişdir.
Onun sözlərinə görə, beynəlxalq kreditorların tələbi ilə Kipr Bankının restrukturizasiyası çərçivəsində həyata keçiriləcək işdən çıxarmalar banka 10 milyard avro məbləğində yardım ayrılması üçün irəli sürülmüş şərtdir.
S.Mixaelidis demişdir: “Biz ümid bəsləyirik ki, yaxın vaxtlarda həmkarlar ittifaqları ilə könüllü işdən çıxma proqramına dair razılaşma əldə edəcəyik. Bu razılaşma kütləvi işdən çıxarmalara yol açacaqdır”. O əlavə etmişdir ki, artıq payızda min işçini, dekabra qədər isə daha 1-1,5 min əməkdaşı işdən azad etmək planlaşdırılır.
Mixaelidis onu da bildirmişdir ki, ölkədə bankın xeyli sayda bölməsi bağlanacaqdır. Hazırda fəaliyyət göstərən 200 bölmədən 100-120-nin saxlanılacağı təxmin edilir.