İDMAN
Kişilər arasında otüstü xokkey üzrə Azərbaycan çempionatı davam edir
Bakı, 28 mart (AZƏRTAC). Kişi otüstü xokkey klubları arasında açıq Azərbaycan çempionatında üçüncü turun oyunları keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana “Atasport” (Bakı) və ölkəmizin 21 yaşadək oğlanlardan təşkil olunan “Gənclik” (Sumqayıt) komandaları çıxmışlar. Daha təcrübəli paytaxt təmsilçiləri hər hissədə rəqib qapısına üç qol vurmaqla 6:1 hesablı qələbə qazanmışlar.
Toplardan üçünü Sahib Mirzəyev vurmuşdur. “Atasport” komandasının digər üzvü Mehman Orucov “Gənclik” komandasının qapısından iki, Əli Nadirov isə bir top keçirmişlər. “Sumqayıt”ın isə təsəlli qolunu Kənan Cabbarov vurmuşdur.
Turun ikinci görüşündə Qusarın “Şahdağ” və Rusiyanın “XK Tana” (Azov) klubları qarşılaşmışlar. Oyunun birinci hissəsində qusarlıları üç dəfə oyuna mərkəzdən başlamağı məcbur edən Rusiya xokkeyçiləri fasilədən sonra da hücumlarını davam etdirməklə rəqib qapısına daha üç top vuraraq matçı 6:1 hesabı ilə öz xeyirlərinə başa çatdırmışlar.
“XK Tana” komandasında qolların beşi Yevgeni Mixeçikinin, biri isə Nikolay Zqonyaykonun payına düşmüşdür. Qusar xokkeyçilərindən isə yeganə qolu Yalçın Qayıbov rəqib qapısından keçirmişdir.
Ölkə çempionatının daha da maraqlı keçməsi üçün “XK Tana” komandası Azərbaycan Otüstü Xokkey Federasiyası tərəfindən Bakıya dəvət olunmuşdur.
Üçüncü turun nəticələrinə görə “Atasport” yeddi xalla yarış cədvəlinə başçılıq edir. “Akkord” komandası dörd xalla ikincidir. “Şahdağ” kollektivi keçirdiyi üç görüşün yalnız birində qalib gələrək çempionatımıza yenicə qoşulan “XK Tana” klubu kimi üç xalla üçüncü-dördüncü yerləri bölüşdürür. “Gənclik” komandası isə ilk üç turda məğlub olaraq sonuncu - beşinci yeri tutur.