MƏDƏNİYYƏT
Kitabxanada canlandırılan müxtəlif nağıl personajları pozitiv təəssürat oyadıb
Bakı, 29 iyul, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında nağıl personajları ilə çay süfrəsi təşkil edilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı kitabxana əməkdaşları və fəal oxucular tərəfindən uşaqlar üçün “Alisa möcüzələr ölkəsində” əsərindəki "Çılğın çay süfrəsi" canlandırılıb. Onlar “Papaqçı”, “Alisa” və “Bəyaz şahzadə” personajlarının simasında əsərdə baş vermiş hadisələri obrazlı şəkildə uşaqlara nəql ediblər. Tədbirdə uşaqlar maraqlı və əyləncə dolu anlar yaşayıblar. Sonda kitabxana əməkdaşları tərəfindən uşaqlara sürpriz dolu hədiyyələr təqdim edilib.
Qeyd edilib ki, tədbirin keçirilməsində əsas məqsəd uşaqların yay tətilində asudə vaxtlarını daha səmərəli keçirmələrini təmin etmək və onlarda kitablara qarşı sevgi yaratmaqdır.