SİYASƏT
KİV-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazıların monitorinqində AzərTAc ilk yerdə qərarlaşıb VİDEO
Bakı, 21 noyabr, AZƏRTAC
Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbərliyi ilə Azərbaycan kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ münaqişəsi haqqında yazıların monitorinqinə dair layihənin icrası davam etdirilir.
Mart ayında start verilən layihə çərçivəsində qəzetlərin və onlayn medianın Dağlıq Qarabağ münaqişəsinə necə yer ayırması öyrənilir.
Oktyabr ayının təhlili göstərir ki, Azərbaycanda fəaliyyət göstərən onlayn media qurumları arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən çox məlumatları mütəmadi olaraq AZƏRTAC, Trend və APA agentlikləri yayıb. Bu agentliklər ay ərzində müvafiq olaraq 152, 124, 120 xəbər yayıblar. “Musavat.com” saytı da ay ərzində 120 xəbər yayaraq APA ilə birlikdə üçüncülüyü bölüşüb.
Monitorinq çərçivəsində onlayn medianın Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşmasına da diqqət yetirilib. Məlum olub ki, oktyabrda mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan informasiyaların 31 faizi atəşkəsin pozulması ilə bağlı olub. Girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı yazılar ikinci yeri tutub və 27 faiz təşkil edib. Saytlardakı xəbərlərin 24 faizi Xocalı soyqırımı, 7 faizi ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi, 5 faizi Zəngilanın işğalı haqqında məlumatlardır.
Monitorinq olunan qəzetlərdən isə mövzu ilə bağlı ən çox informasiyanı “Bakı Xəbər” (65), “Xalq qəzeti” (55), “Yeni Müsavat” (52) dərc edib.
Yazılardan 1449-u (69,3 faiz) onlayn mediada, 641-i (30,7 faiz) isə yazılı mətbuatda yayımlanıb. Əvvəlki ayla müqayisədə mediada münaqişə ilə bağlı xəbərlərin artdığı müşahidə edilib.