DÜNYA
KİV: “Huawei” şirkətinin maliyyə direktorunun həbsi 5G-nin inkişafını ləngidə bilər
Bakı, 7 dekabr, AZƏRTAC
“Huawei” kompaniyasının maliyyə direktoru və direktorlar şurasının sədr müavini Men Vancounun ABŞ-ın sifarişi ilə Kanadada həbs olunması dünyada 5G texnologiyasının inkişafını ləngidə bilər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident bütün dünyada kompaniya təchizatçılarının aksiyalarının kəskin ucuzlaşması ilə nəticələnib.
“Counterpoint Technology Market Research” kompaniyasının tədqiqatlar üzrə direktoru Ceyms Yanın sözlərinə görə, “Huawei” dünya elektronika sənayesində geniş təmsil olunduğu üçün ona dəyən istənilən zərər həmin sahəyə də ciddi mənfi təsir göstərəcək.
Qeyd edək ki, “Huawei” kompaniyası dünyanın 170-dən artıq ölkəsində məhsul və xidmətləri ilə təmsil olunur.
Analitiklərin fikrincə, Men Vancounun həbsi bənzərsiz hadisədir. Belə ki, o, sadəcə, top-menecer və şirkətin mümkün gələcək rəhbəri deyil, “Huawei”nin banisi və Çin milyarderi Jen Cenfeyin qızıdır.