SİYASƏT
Kiyev şəhərindəki Azərbaycanlı Gənclər Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş toplantı keçirilmişdir
Bakı, 15 aprel (AZƏRTAC). Kiyev şəhərindəki Azərbaycanlı Gənclər Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş toplantı keçirilmişdir.
Tədbiri Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov açaraq, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır. O, ulu öndərin dövlət quruculuğu strategiyasında gənclərin inkişafına xüsusi diqqət yetirməsindən bəhs edərək, bu nəcib siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Tədbir iştirakçılarına ümummilli liderin zəngin və dəyərli ömür yolu haqqında ətraflı məlumat verən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ölkəmizin beynəlxalq arenada nüfuz sahibinə çevrilməsində dahi Heydər Əliyevin şəxsiyyətinin müstəsna rolundan bəhs etmişdir.
Gənclərə Heydər Əliyevlə bağlı xoş və səmimi xatirələrini danışan Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov 1990-93-cü illərdə Azərbaycan xalqının üzləşdiyi ağır və məşəqqətli anlardan söz açaraq həmin illərdə xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin dəmir iradəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın parçalanmaq təhlükəsindən xilas olduğunu vurğulamışdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gənclərin dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almasına xüsusi diqqət ayrıldığını diqqətə çatdıran Azərbaycan Dili və Mədəniyyəti mərkəzinin rəhbəri Rafiq Zeynalov Ukraynada dahi Heydər Əliyev ideologiyasına sədaqətlə xidmət edərək vətənimizi layiqincə təmsil edən azərbaycanlı gənclərə gələcək işlərində uğurlar arzulamışdır.
Tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyi sədrinin müavini Cavid Hüseynzadə, gənc fəallardan Elməddin Zərbəlizadə, Ramin Hüseynov, Əzizə Tərlanova və başqaları çıxış edərək dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının xüsusən də gənclərin Azərbaycan dövlətçiliyi ideologiyasına xidmət etməsinin vacibliyini vurğulamış, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarının parlaq xatirəsinin heç zaman unudulmayacağını bildirmişlər.