MƏDƏNİYYƏT
“Kiyev Solistləri” Kamera Orkestri VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Qaxda konsert proqramı ilə çıxış edib VİDEO
Qax, 28 iyul (AZƏRTAC, Mustafa Dadaşov). Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq altıncı gündür tamaşaçıları bir-birindən maraqlı konsert proqramları ilə sevindirir, musiqisevərlərə unudulmaz anlar bəxş edir.
AZƏRTAC xəbər verir ki, iyulun 28-də festival çərçivəsində Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində Ukraynanın məşhur “Kiyev Solistləri” Kamera Orkestrinin səyyar konserti keçirilib.
Konsertin əvvəlində Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli violençel ustası, “Kiyev Solistləri” Kamera Orkestrinin musiqi rəhbəri Dmitri Yablonski çıxış edərək festivalın konsertlərindən birinin Azərbaycanın cənnət guşələrindən olan Qaxda keçirilməsindən böyük şərəf duyduğunu bildirib, tamaşaçılara xoş istirahət arzulayıb.
Kamera musiqisi axşamında Pyotr Çaykovskinin, Antonio Vivaldinin, İohan Sebestyan Baxın və digər klassik rus və Avropa bəstəkarlarının əsərlərindən, həmçinin görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Nizami” simfoniyasından parçalar təqdim edilib.
Kollektivin hər bir çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.