ELM VƏ TƏHSİL
Kiyevdə Azərbaycan dili və ədəbiyyatının tədris olunduğu 247 nömrəli ixtisaslaşdırılmış orta məktəbin 30 yaşı qeyd olunub
Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, diplomatik nümayəndəliyimizin əməkdaşları, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) Ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov, diasporumuzun üzvləri və başqaları iştirak ediblər.
Məktəbin direktoru Tatyana Vişnevskaya rəsmi hissəni açaraq bildirib ki, təhsil ocağına başçılıq etdiyi 2010-cu ildən başlayaraq məktəbdə təkcə azərbaycanlı məktəblilər deyil, ukraynalılar və başqa millətlərin nümayəndələri də Azərbaycan dilini, ədəbiyyatını və tarixini öyrənirlər. Direktor vurğulayıb ki, başçılıq etdiyi məktəbi Bakıdakı 164 nömrəli orta ümumtəhsil məktəbi ilə dostluq və tərəfdaşlıq münasibətləri bağlayır.
Diplomatik nümayəndəliyimizin başçısı E.Mədətli məktəbin kollektivini yubiley münasibətilə təbrik edərək burada təhsil alan azərbaycanlı uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, məktəbin rəhbərliyinə xoş ənənələri qoruyub saxlamağı və böyüməkdə olan nəslin təlim-tərbiyəsi işlərində uğurlar arzulayıb.
Sonra diplomat Azərbaycanın Ukraynadakı səfirliyinin səyi ilə Ukrayna dilinə tərcümə olunan Azərbaycan haqqında ictimai, siyasi, elmi ədəbiyyat, Bakıdakı 164 nömrəli məktəbin direktoru K. Qədirovanın yubiley münasibətilə təbrik məktubunu 247 nömrəli məktəbin direktoruna təqdim edib.
Sonra səfir Azərbaycan dili və ədəbiyyatı müəllimi Səfayə Naibovaya hədiyyə, 247 nömrəli məktəbi qızıl medalla bitirən məzunlara - Laura Paşayeva, Arzu Əliyeva və Məhin Hüszadəyə elektron kitabxana təqdim edib.
UABD-nin sədri H.Cavadov da səmimi təbrik sözlərindən sonra məktəbə hədiyyə edib.
Kiyevin Desnyansk Rayon Administrasiyasının sədri vəzifəsini icra edən Oleq Onofriyçukun, Ukraynanın xalq deputatı Andrey İlyenkonun və başqalarının çıxışlarından sonra bayram konserti olub.
Tədbir iştirakçıları ötən illərdə 247 nömrəli məktəbin məzunları olan, Kiyevdəki 1 nömrəli Qafqaz xalqlarının rəqsləri məktəbinə başçılıq edən Nicat Mirzəyevin və Şəmsi Məhərrəmovun ifasında oynaq milli rəqslərimizi gurultulu alqışlarla qarşılayıblar.
Səfayə Naibova AZƏRTAC-a müsahibəsində məktəbi himayəyə götürdüklərinə, Azərbaycan dili və ədəbiyyatını öyrənən şagirdlərə kömək etdiklərinə görə Azərbaycan səfirliyinə və UABD-ə minnətdarlığını bildirib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev