Kiyevdə İŞİD terrorçuları zərərsizləşdirilib
Kiyev, 16 dekabr, AZƏRTAC
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları “İslam Dövləti” beynəlxalq terror təşkilatının Kiyevdəki mərkəzinin fəaliyyətinə son qoyublar. Cinayətkarlardan silah və döyüş sursatı müsadirə edilib.
AZƏRTAC UTX-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, qruplaşmanın rəhbəri İŞİD-in liderlərindən biri olub. UTX həmin şəxsi 2020-ci ilin may ayında saxlayıb və Gürcüstana ekstradasiya edib.
İlkin məlumata görə, qrup 12 nəfərdən ibarət olub. Onlardan 5-i dünyanın müxtəlif ölkələrində törətdikləri cinayətlərə görə axtarışda olan RF vətəndaşlarıdır.
Cinayətkarlar həm də İslam Dövləti silahlılarının Yaxın Şərq ərazisində terror fəaliyyətini maliyyələşdirməklə məşğul olublar. UTX əməkdaşları onların Suriyada döyüş əməliyyatlarında iştirak edən insanlarla yazışma apardığı faktlarını müəyyən ediblər.
Cinayətkarlar hüquq mühafizəçilərindən gizlənmək məqsədilə Kiyevin müxtəlif rayonlarında ayrı-ayrı ünvanlarda məskunlaşıblar. Onların qaldığı ünvanlarda axtarış aparılıb, silah və sursat, saxta sənədlər və telefonlar aşkar edilib və müsadirə olunub. Bütün əşyalar ekspertizaya göndərilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev