SİYASƏT
Kiyevdə səfərdə olan Azərbaycan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib VİDEO
Kiyev, 30 yanvar, AZƏRTAC
Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasında iştirak etmək üçün Kiyevə səfərə gələn Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri - Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və digər rəsmilər abidənin önünə çiçəklər düzərək, Ulu Öndərin xatirəsini yad ediblər.
Sonra Azərbaycan nümayəndə heyəti Kiyevdəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, yanvarın 30-da Kiyevdə Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclası işə başlayacaq. İclasda enerji, turizm, kənd təsərrüfatı sahələrində qarşılıqlı sərmayələrin qoyuluşu məsələsi müzakirə ediləcək.
Xatırladaq ki, Ukrayna-Azərbaycan ikitərəfli Hökumətlərarası Komissiyasının sonuncu iclası 2016-cı il iyulunda Bakıda keçirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev