MƏDƏNİYYƏT
Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş birinci etno-caz festivalı keçirilib
Bakı, 15 may, AZƏRTAC
Kiyev şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş birinci etno-caz festivalı keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a daxil olan məlumata görə, festival səfirliyin, Kiyev Şəhər Dövlət Administrasiyasının və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkında baş tutub.
Ukraynanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, Kiyev Şəhər Dövlət Administrasiyası rəsmilərinin, diplomatik korpus rəhbərlərinin iştirak etdikləri tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək xalqımızın qədim və zəngin musiqi mədəniyyətindən bəhs edib.
Azərbaycanla Ukrayna arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin möhkəm əsaslar üzərində qurulmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açan səfir Kiyev şəhərində hər ilin may ayında Ulu Öndərin xatirəsinə həsr olunan ənənəvi etno-caz festivalının keçiriləcəyini qeyd edib.
Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva Azərbaycanın tarixin bütün dönəmlərində dünyanın musiqi xəzinəsinə bəxş etdiyi dəyərli töhfələrdən danışıb. O, bu gün ölkəmizin dünyanın ən mötəbər mədəniyyət və idman yarışlarına ev sahibliyi etdiyini vurğulayıb.
Sonra məşhur pianoçu İsfar Sarabskinin, gənc ifaçı Aysel Məmmədovanın və Ukraynanın tanınmış “Marinita” qrupunun ifasında maraqlı caz kompozisiyaları nümayiş etdirilib. Açıq səma altında keçirilən caz festivalı ukraynalı musiqisevərlərə duyğulu anlar yaşadıb.
Gələn ildən festivala Moldova, Belarus, Sloveniya, Polşa və digər ölkələrdən də tanınmış caz qrupları qatılacaq.