MƏDƏNİYYƏT
“Köç” filmi VI Beynəlxalq “Faito doc Festival”ın əsas mükafatını qazanmışdır
Bakı, 3 sentyabr (AZƏRTAC). Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmailovun “Köç” sənədli filmi VI Beynəlxalq “Faito doc Festival” sənədli filmlər festivalında əsas mükafatı qazanmışdır.
AZƏRTAC xəbər verir ki, festival İtaliyanın Neapol şəhərində keçirilmişdir.
“Köç” filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir. Filmdə Azərbaycanda bütün ömrü boyu yaylaqlardan qışlaqlara və əks istiqamətə köç edən heyvandarlıqla məşğul olan insanların çətin və maraqlı taleyi işıqlandırılmışdır. Nəsildən-nəslə keçən bu çətin peşəni çobanlar səbir və məharətlə davam etdirirlər.
Film 2010-cu ildə Azərbaycanın “DS film” studiyasında istehsal olunmuşdur. Əlli iki dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılmışdır.
“Köç” filmi bundan əvvəl 30-dək beynəlxalq festivalda iştirak etmişdir.