MƏDƏNİYYƏT
“Köhnə ev” Lənkəranda
Bakı, 2 may, AZƏRTAC
N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Əli Əmirlinin “Köhnə ev” dramatik komediyasının premyerası olub.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri Əməkdar Artist Adil Zeynalovun quruluşunda təqdim edilib. Tamaşanın rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Tamaşada əsas rolları Xalq Artisti Qabil Quliyev, aktyorlar Şahrud Mehdiyeva, Təranə Fərəcova, Günel Abbaszadə, Emil Rzayev və Aysel Babazadə canlandırıb. Ötən əsrin sonlarında Azərbaycan cəmiyyətində baş verən dəyişikliklər tamaşada bir ailənin timsalında ümumiləşdirilir.
Satılan köhnə ev yaşamaq qabiliyyətini itirib tarixə qovuşmuş formasiyanın rəmzidir. Köhnə ev həm də buranın sakinlərinin doğma yuvası, həzin xatirələri, gəncliyidir. Onlar hələ adını belə bilmədikləri yeni quruluşu, yeni insan münasibətləri, sərt və amansız iqtisadi reallığı anlamaqda çətinlik çəkirlər, elə buna görə də gülüş, istehza, bəzən də kinayə hədəfinə çevrilirlər.
Teatrın yaradıcı kollektivi əsərin bu ikili ovqatını yaxşı duyaraq, onu tamaşaçılara uğurla çatdıra bilib.