İQTİSADİYYAT
KOICA Azərbaycan Gömrük Komitəsi ilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir
Bakı, 5 noyabr (AZƏRTAC). Azərbaycanın Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) rezident nümayəndəsi xanım Eun Suk Kim ilə görüşmüşdür.
Görüşdə iki ölkə arasında mövcud əlaqələrdən söhbət açan Aydın Əliyev Azərbaycan-Koreya münasibətlərinin gömrük sahəsində uğurla inkişaf etdiyini vurğulamışdır.
Komitə sədri bildirmişdir ki, DGK bir çox sahələrdə, eləcə də informasiya-kommunikasiya texnologiyalarının tətbiqində bir sıra nailiyyətlər əldə etmişdir. Azərbaycanın gömrük sistemi ölkədə “e-hökumət” proqramının icrasına da öz töhfəsini əsirgəmir.
Eun Suk Kim iki ölkə arasında gömrük xidmətində əməkdaşlığın daha da inkişaf etdirilməsi işinə təmsil etdiyi qurumun töhfə verməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Koreya tərəfinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayan qonaq ikitərəfli münasibətlərin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.