İQTİSADİYYAT
Kolbasa istehsal edən müəssisədə qanun pozuntuları aşkar edilmişdir
Bakı, 7 fevral (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Ruslan Şərifova məxsus istehsalat sahəsində yoxlama aparılmışdır.
İİN-dən AZƏRTAC-a bildirilmişdir ki, yoxlama zamanı “Zirvə” adlı “Servelat”, “Oxotniçiy” və “Krakovskaya” kolbasalarının uyğunluq sertifikatı olmadan istehsal edildiyi müəyyənləşdirilmişdir.
Bundan başqa, istehsal olunan kolbasaların resepturalarında onların istehsalında sarımsaq, muskat və qara istiot istifadə edildiyi göstərilsə də, məhsulların etiketində onun tərkibində bu məhsulların olduğunun göstərilmədiyi aşkar edilmişdir.
İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Ruslan Şərifov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.