Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markesdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - 28 May – Respublika Günü münasibətilə Kolumbiya xalqı və hökuməti adından Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Mən 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən müstəqilliyin elan edilməsinin və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının qeyd olunduğu bu tarixi günlərdə Zati-alinizə bildirmək istəyirəm ki, Kolumbiya hökuməti xüsusilə turizm, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq etməklə, həmçinin siyasi və iqtisadi əlaqələrimizi möhkəmləndirməklə Azərbaycanla olan münasibətlərini daha da inkişaf etdirmək niyyətindədir.

Ölkələrimiz arasında indiyə qədər keçirilmiş yüksək səviyyəli görüşlər, həmçinin vaxtaşırı aparılan siyasi məsləhətləşmələr zamanı ikitərəfli əlaqələrin yaxşılaşdırılması və xalqlarımızın rifahının daha da artırılması üçün səylərimizi, qarşılıqlı maraqlar çərçivəsində birgə işləmək barədə ümumi mövqeyimizi əks etdirən davamlı siyasi dialoqu vurğulamaq istəyirəm.

Hazırkı qlobal səhiyyə böhranı bir çox sahələrdə, xüsusilə də COVID-19 virusuna qarşı peyvəndə şəffaf əlçatanlığın təmin edilməsində, eləcə də pandemiya ilə mübarizədə elmi və texnoloji əməkdaşlığı, təcrübə mübadiləsini təşviq edən təşəbbüslərdə əl-ələ verib birgə işləmək üçün imkan yaradır.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə yüksək hörmət və ehtiramımı bildirir, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

 

İvan Duke Markes

Kolumbiya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin