SİYASƏT
Kolumbiya və Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir
Bakı, 8 iyul (AZƏRTAC). İyulun 8-də xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kolumbiya Respublikasının xarici işlər naziri xanım Maria Anxela Olqin Kueyarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdən sonra hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
Ötən ilin iyulunda Kolumbiyada olduğunu diqqətə çatdıran Elmar Məmmədyarov, bu cür qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafına xidmət etdiyini vurğulamışdır.
Xarici işlər nazirləri arasında keçirilmiş məsləhətləşmələrin yekunları barədə məlumat verən E.Məmmədyarov bildirmişdir ki, görüşdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlıq, regiondakı vəziyyət barədə müzakirələr aparılmışdır.
Kolumbiyalı nazirə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh prosesinin cari vəziyyəti haqqında məlumat verildiyini deyən Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri iki ölkə arasında siyasi məsləhətləşmələrin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Yüksək qonaqpərvərliyə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirən qonaq demişdir ki, son iki ildə ölkələrimiz arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.
Kolumbiyalı nazir Azərbaycan ilə bütün sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulamışdır.