SİYASƏT
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Kolumbiya Respublikasının Xarici İşlər naziri Klaudiya Blum iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçiriblər.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Elmar Məmmədyarov ötən 25 il ərzində dostluq və əməkdaşlıq əsasında qurulan münasibətlərin Azərbaycan ilə Kolumbiya arasında gələcək davamlı inkişafın əsasını təşkil etdiyini bildirib. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həlli istiqamətində Kolumbiyanın Azərbaycana göstərdiyi qətiyyətli dəstəyə görə təşəkkür edib. Bu xüsusda, Kolumbiya Senatı tərəfindən 2018-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində qeyd olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını əks etdirən qətnamənin qəbul olunmasını xüsusi vurğulayıb. Nazir beynəlxalq ictimaiyyətin birgə mövqeyi nəticəsində münaqişənin tezliklə öz həllini tapacağına ümid etdiyini bildirib.
Sonda Elmar Məmmədyarov Azərbaycanın Kolumbiya ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunub. Ortaq dəyərlər və qarşılıqlı maraq əsasında, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və Sakit Okean İttifaqında fəaliyyəti çərçivəsində mövcud əlaqələrin gələcəkdə daha çoxşaxəli inkişafı naminə birgə səylərin əsirgənməyəcəyindən əmin olduğunu qeyd edib.
Kolumbiyanın Xarici İşlər naziri Klaudiya Blum Elmar Məmmədyarova ünvanladığı məktubda Azərbaycan ilə Kolumbiya arasında siyasi məsləhətləşmələrə toxunub. O, Kolumbiyanın Azərbaycanda birinci səfirinin təyin olunması ilə bağlı qərarı xüsusi qeyd edib. Bununla yanaşı, Azərbaycan və Kolumbiyanın beynəlxalq xarakterli vacib məsələlərdə eyni mövqedən çıxış etməsi, təhlükəsizlik, sabitlik və firavanlıq naminə birgə mübarizəsi, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı qeyd olunub.
Klaudiya Blum məktubunda əməkdaşlıq, iqtisadi əlaqələrin dərinləşdirilməsi və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi naminə birgə gələcək səylərin göstərilməsində maraqlı olduğunu bir daha diqqətə çatdırıb.
Xatırladaq ki, Azərbaycan ilə Kolumbiya arasında diplomatik əlaqələr 1994-cü il dekabrın 13-də qurulub.