İQTİSADİYYAT
Komitə: İstismarına icazə verilən bina sakinlərinə mənzillərinə dair çıxarışlar ünvanlarında verilib
Bakı, 12 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrası ilə bağlı vətəndaşların yaşadıqları ünvanda səyyar xidmət göstərilir, əmlaklarına dair çıxarışlar verilir, o cümlədən ilkin sənədlər toplanır. Məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, vətəndaş-məmur ünsiyyətinin azaldılması, o cümlədən vaxt itirmədən rahatlıqla əmlakların rəsmi qeydiyyata alınmasıdır. Həmçinin qeydiyyat prosedurlarının sadələşdirilməsi, sosiallıq prinsipinin təmin edilməsi, insan amilinin gücləndirilməsi də əsas vəzifələrdəndir.
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 12-də Bakıda istismarına icazə verilən bina sakinlərinə səyyar xidmət göstərib. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində 60-dək vətəndaşa birbaşa olaraq yaşadıqları yerdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Çıxarış verilməzdən əvvəl ilkin sənədlər də sakinlərin yaşadıqları ünvanlarda toplanılıb. Eyni zamanda, mobil ofislər vasitəsilə istismarına icazə verilən daha 5 binada da səyyar qaydada ilkin sənədlərin toplanması işi aparılır. Bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilir, izahedici elanlar yerləşdirilir, vətəndaşlarla məlumat xarakterli işlər aparılır.
Maarifləndirmə çərçivəsində vətandaşlara məlumat verilib ki, mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edə biləcək. Həmin mülkiyyət sənədi şəxsin “Elektron hökumət” portalına yerləşdiriləcək. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndəriləcək. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilib.
Vətəndaşlara çıxarışların əldə edilməsi üçün tələb olunan xidmət haqqı və dövlət rüsumu barədə məlumat verilib. Həmçinin bildirilib ki, əmlakın qeydiyyatı kalkulyatoruna daxil olmaqla onlar əvvəlcədən onlayn qaydada çıxarış üçün tələb olunan məbləği öyrənirlər.
Adıçəkilən Fərmanın icra mərhələsində vətəndaşlar həm mobil ofislərə, həm də öz istəklərinə uyğun olan müvafiq quruma müraciət etməklə mənzillərini operativ qaydada qeydiyyata aldıra və sənədlərini əldə edə bilərlər. Proses davamlı olaraq həyata keçiriləcək.