ELM VƏ TƏHSİL
“Kompyuter dilçiliyi” monoqrafiyası nəşr olunmuşdur
Bakı, 29 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Kompyuter dilçiliyi” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır.
AMEA rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, kompyuter dilçiliyinin yaranma səbəbləri, mahiyyəti və sahələrindən bəhs edən kitabın müəllifi institutun elmi işlər üzrə direktor müavini, professor Məsud Mahmudovdur.
Nəşrdə Azərbaycan dilinin milli korpusu və onun tərkib hissələri olan statistik lüğətçilik, maşın tərcüməsi və formal linqvistik təhlil alqoritmləri hərtərəfli şərh olunmuşdur.
Kitabın redaktorları AMEA-nın müşaviri, akademik Ağamusa Axundov və Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru İlham Tahirovdur. AMEA-nın İnformasiya Texnologiyaları və Kibernetika institutları, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisləri tərəfindən əsərə müsbət rəylər verilmişdir.
Yeni nəşr alim, tələbə və doktorantlar üçün nəzərdə tutulmuşdur.
M.Mahmudovun bildirdiyinə görə, monoqrafiyadan nəzəri və tətbiqi dilçiliyin aktual problemləri və ən yeni sahələri ilə maraqlananlar istifadə edə bilərlər.
Monoqrafiya “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə müvafiq qaydada yazılmışdır. Müəllifin sözlərinə görə, kitab Dövlət Proqramında Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi məqsədi ilə nəzərdə tutulan internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi-linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi işinə layiqli töhfədir.