KONFRANS KEÇİRİLMİŞDİR
Respublika Təhsil Nazirliyi, Bakı Musiqi Akademiyası və Bəstəkarlar İttifaqı mayın 30-da Azərbaycanın görkəmli mədəniyyət xadimi, bəstəkar, SSRİ xalq artisti Rauf Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş birgə konfrans keçirmişlər.
Bakı Musiqi Akademiyasının konfrans zalında Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkil etdiyi və Rauf Hacıyevin həyat və yaradıcılığını əks etdirən sərgi açılmışdır.
Konfransı giriş sözü ilə akademiyanın prorektoru, professor Gülnaz Abdullazadə açaraq, musiqi mədəniyyətinin inkişafında Rauf Hacıyevin göstərdiyi böyük xidmətlərindən danışdı, görkəmli bəstəkarın anadan olmasının 80 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci il 1 may tarixli Sərəncamında qarşıya qoyulan məsələlərdən bəhs etdi.
Təhsil Nazirliyi elm idarəsinin rəisi Asəf Zamanov, Bəstəkarlar İttifaqı idarə heyətinin birinci katibi, xalq artisti, professor Vasif Adıgözəlov, Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov, əməkdar incəsənət xadimi, professor Elmira Abbasova, sənətşünaslıq namizədi İmruz Əfəndiyeva, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, bəstəkar Əziz Əzizli konfransda çıxış etdilər. Onlar Azərbaycan bəstəkarları arasında öz fərdi üslubu, yüksək bədii sənətkarlığı və peşəkarlığı ilə seçilən Rauf Hacıyevin milli musiqi sənətimizin gözəl nümunələrinə çevrilmiş balet və operettalarından, xoreoqrafik süitalarından, kantatalarından, tamaşa və bədii filmlərə yazdığı musiqi, estrada miniatürləri, vətənpərvərlik və lirik mahnılarından və yubileylə bağlı keçiriləcək tədbirlərdən söhbət açdılar.
Sonra unudulmaz bəstəkarın mahnılarından ibarət konsert oldu. SSRİ xalq artisti Lütfiyar İmanov və əməkdar artist Nətavan Şeyxova ölməz bəstəkarın Azərbaycan mahnı klassikasının qızıl fonduna daxil olmuş parlaq əsərlərini ifa etdilər.
Konfransın sonunda bəstəkar Rauf Hacıyevin qızı, musiqiçi Nanə Hacıyeva çıxış edərək atasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirdi.