SİYASƏT
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir.
İclasda “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun 21-ci maddəsinin «b» və «v» bəndlərinin, habelə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin şərh edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin 2008-ci il 13 fevral tarixli 30 saylı müraciəti üzrə konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini və mütəxəssislərin mülahizələrini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, hərbi xidmətə çağırışdan azad olunma və ya hərbi xidmətə çağırılmama ilə bağlı məsələlər “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun 21-ci maddəsinin müddəaları ilə tənzimləndiyindən bu maddənin birinci və ya ikinci hissələrində nəzərdə tutulmuş əsaslardan və ya səbəblərdən hər hansı biri mövcud olduqda vətəndaş dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunmalı və ya müddətli həqiqi hərbi xidmətə çağırılmamalıdır.
Hərbi xidmətə çağırış məsələlərinin deyil, şərti məhkum edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydasının tənzimlənməsinə yönəldilmiş Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəaları və “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun 21-ci maddəsinin ikinci hissəsinin «b» bəndinin müddəaları hüquq tətbiqetmədə birmənalı qəbul olunmadığı üçün hüquqi müəyyənliyin təmin edilməsi məqsədi ilə mövcud qanunvericilikdə zəruri təkmilləşdirmə aparılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.