CƏMİYYƏT
Könüllü olaraq mənşə ölkəsinə qayıdan 181 nəfər Azərbaycan vətəndaşına reinteqrasiya yardımı göstərilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımını çatdırmaqda davam edir. Bu dəstəyin əsas məqsədi qayıdan vətəndaşların dayanıqlığını təmin etmək və beləliklə mənşə ölkələrinə könüllü qayıdan şəxslərin özlərini Azərbaycan cəmiyyətinin bir hissəsi kimi hiss etmələrinə yardım göstərməkdir.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Niderland Krallığı, Almaniya, Belçika, Polşa, Finlandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları edir.
Bu ilin avqust və sentyabr aylarında BMqT-nin dəstəyi ilə Almaniyadan 46 nəfər, Serbiyadan 7 nəfər, Türkiyədən 1 nəfər və Hollandiyadan 1 nəfər olmaqla, ümumilikdə 55 nəfər Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində könüllü olaraq Azərbaycana qayıdıb. Həmin aylarda könüllü olaraq mənşə ölkəsinə qayıdan 181 nəfərə reinteqrasiya yardımı, 76 nəfərə isə məsləhət xidməti göstərilib.
BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya köməyi göstərilən 181 nəfərdən 106 nəfərə nağd və 75 nəfərə qeyri-nağd şəkildə yardım olunub. Qeyri-nağd şəkildə yardım çərçivəsində 9 nəfərə müvəqqəti mənzil təminatı, 3 nəfərə kiçik biznesin qurulması, 60 nəfərə maddi yardım, 2 nəfərə tibbi yardım, 1 nəfərə isə təhsil haqqının ödənilməsi üzrə yardım olunub.
Təşkilat tərəfindən göstərilən reinteqrasiya yardımının əsas hissəsini könüllü qayıdanlara və onların ailə üzvlərinə fayda gətirən kiçik təsərrüfat, xidmət sahəsindəki müəssisələr, ticarət və kiçik istehsal kimi gəlir gətirən fəaliyyətlərin qurulmasına yönələn kömək təşkil edir.
Layihə çərçivəsində qayıdanlara mikro-biznes fəaliyyətinə dəstəklə yanaşı, müvəqqəti mənzil təminatı, maddi kömək, tibbi ehtiyacların və təhsil xərclərinin qarşılanması üzrə yardımlar göstərilir.