CƏMİYYƏT
“Könüllülük: uğur formulu” kitabının təqdimatı olub
Bakı, 17 mart, Həsrət Mahmudova, AZƏRTAC
Martın 17-də Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı, “Zirə” futbol klubunun və “Ekvita” şirkətinin dəstəyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasındakı Könüllülər Mərkəzində “Bakı-2017”-nin könüllüləri üçün “Şəxsi inkişaf görüşlər”i adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd könüllülərə bu fəaliyyətin önəmini anlatmaq və “Bakı-2017” könüllülərinə korporativ sosial məsuliyyət” layihəsi çərçivəsində “ASAN” könüllülərinin və tərəfdaş şirkətlərin dəstəyini nümayiş etdirməkdir.
Tədbir çərçivəsində “Zirə” futbol klubunun baş məşqçisi Ayxan Abbasov, “Ekvita” şirkətinin icraçı partnyoru İlqar Mehdi və “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov çıxış edərək könüllülük fəaliyyətinin önəmindən və beynəlxalq səviyyəli idman yarışlarının əhəmiyyətindən danışıb, “Bakı-2017” könüllülərinə uğurlar arzulayıblar.
Sonda “Zirə” futbol klubu və “Ekvita” şirkəti tərəfindən “Şəxsi inkişaf görüşləri” çərçivəsində tədbirdə iştirak edən ilk 400 könüllüyə www.asanmektub.az layihəsinə dəstək məqsədilə yazılan “Könüllülük: uğur formulu” kitabı hədiyyə olunub.