ELM VƏ TƏHSİL
Koreya Respublikasının ölkəmizdəki səfiri Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 24 yanvar (AZƏRTAC). Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn və səfirliyin birinci katibi Li Von-sik Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə universitetin rektoru, professor Cəfər Cəfərov qonaqlara 7 yaşlı ali təhsil ocağının turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı sahəsindəki fəaliyyəti və hədəfləri haqqında məlumat vermişdir.
Səfir Çoi Suk-İn Koreyanın Azərbaycan ilə həm dövlət, həm də ictimai qurumlar səviyyəsində geniş spektrli əlaqələrdə maraqlı olduğunu vurğulamışdır. Ölkəmizin nüfuzlu ali məktəbləri ilə Koreya Fondunun əlaqəsindən söz açan səfir məhz bu qurumun dəstəyi ilə Azərbaycanda Koreya dilinin öyrənilməsi və yayılması layihəsinin uğurlu olduğunu, Koreya dili və ədəbiyyatı üzrə “İkinci nitq yarışması”nın qaliblərinin fond tərəfindən mükafatlandırıldığını qeyd etmişdir.
Çoi Suk-İn bildirmişdir ki, Koreyaya səfər edən turistlər mədəni və dini turizm proqramlarında “Bulquksa” və “Sokkuram” məbədlərinə, Könbokkun sarayına, Milli Etnoqrafiya Muzeyinə daha çox maraq göstərirlər. Ölkə brendinə çevrilən sənaye müəssisələrinə turist səfərlərinin təşkilini isə əhəmiyyətli hesab edirik. Koreyaya səfər edən hər bir şəxs müəyyən məhsulun hazırlanması anından tutmuş idxalına qədərki prosesi dəqiqliklə izləyə bilir. Bu, ölkəmizin sənaye potensialını tanıtmağa xidmət edir. Turistlərin səfər proqramında Uşaq və Oyuncaqlar Muzeyinə ziyarəti də nəzərdə tutulur. Məqsədimiz körpələrimizin və uşaqlarımızın cəmiyyət həyatına hazırlığını təmin etməkdir. Bir faktı da qeyd etmək lazımdır ki, ölkəmizdəki turizm müəssisələri ilə məktəb və məktəbəqədər müəssisələr arasında anlaşma müqavilələri qüvvədədir.
Səfir tanışlığın və maraqlı fikir mübadiləsinin gələcəkdə Koreya Respublikasının müvafiq ali təhsil ocaqları ilə əməkdaşlığa körpü ola biləcəyinə əminliyini bildirmişdir