REGİONLAR
Koreyalı səfir: Nar bayramı Azərbaycanda aqrar sektorun necə sürətlə inkişaf etdiyini göstərir
Göyçay, 7 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
İlk dəfədir ki, Göyçaydayam, gözəl şəhəriniz var. İnsanları da mehriban və qonaqpərvərdir. Burada təşkil olunan Nar bayramını xüsusi qeyd etmək istərdim. Ölkənizdə narçılığın inkişafı göz qabağındadır. Nar bayramı da yüksək səviyyədə təşkil olunub. Mən ilk dəfə burada eşitdim ki, Göyçayda narın 67 sortu yetişdirilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Göyçayda X Nar bayramında iştirak edən Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq Gyu söyləyib.
Nardan düzəldilmiş kompozisiyalara maraqla tamaşa etdiyini bildirən koreyalı diplomat deyib: “Çox şadam ki, göyçaylılarla birgə bu gözəl məhsul bayramını qeyd edirəm. Burada insanların xarici qonaqlara qarşı isti münasibətini görürəm. Gələn il də mütləq bu bayramda iştirak edəcəyəm. Nar bayramı Azərbaycanda aqrar sektorun necə sürətlə və əzmlə inkişaf etdiyini göstərir. Bu inkişaf sadəcə çoxlarının düşündüyü kimi neft-qaz sektorunda deyil, bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində də müşahidə edilir”.