CƏMİYYƏT
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
Bakı, 4 iyul, AZƏRTAC
Vyetnamın Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiyanın daimi sədr müavini, nazir xanım Le Thi Thu Banın başçılıq etdiyi nümayəndə heyəti iyulun 4-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olub.
Baş prokurorun müavini - Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqları salamlayaraq ölkəmizdə korrupsiyaya qarşı Prezident İlham Əliyevin siyasi iradəsinə uğun olaraq mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional tədbirlər, habelə Baş İdarənin fəaliyyəti barədə ətraflı məlumat verib, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı xüsusi vurğulayıb.
Sonra qonaqlar Baş İdarənin milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət orqanlarının elektron kitabxanalarına çıxışı olan kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi, vətəndaşların qəbulu otağı ilə yaxından tanış olublar.
Baş İdarədə yaradılmış yüksək iş şəraitindən məmnunluğunu ifadə edən xanım Le Thi Thu Ba ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində qazanılan nailiyyətləri yüksək qiymətləndirib.
Qonaqlara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirləri, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim olunub.