DÜNYA
Kosmos tarixində ilk dəfə alim BKS heyətinin komandiri olub
Bakı, 29 iyul, AZƏRTAC
Baykonur kosmodromundan “Soyuz MS-05” gəmisi buraxılıb. AZƏRTAC “actualnews.org” saytına istinadla xəbər verir ki, aparat kosmos tarixində ilk dəfə komandiri alim olan heyəti Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdırmalıdır.
BKS heyətinin rəhbəri Sergey Ryazanski M.V.Lomonosov adına Moskva Dövlət Universitetini biologiya ixtisası üzrə bitirib. O, kosmik stansiyada fizika və tibb sahələrində MDU alimləri tərəfindən işlənib hazırlanmış eksperimentlər aparacaq. Universitetdə hesab edirlər ki, birgə proqram üzərində iş davam edir. Ola bilsin, heç də bütün tədqiqatlar lap əvvəldən aparılmayacaq, amma əsas məsələ bu prosesi işə salmaqdır.
Stansiyada çəkisizlik şəraitində vestibülyar sistemin xüsusiyyətlərini öyrənməyə imkan verən unikal “Vektor” eksperimenti də aparılacaq. Bu tədqiqat kosmonavtların hərəkətində kosmik xəstəliyin əmələ gəlməsinin səbəblərini müəyyənləşdirməyə kömək edəcək. “Yırğalama” deyilən vəziyyət görmə orqanının fəaliyyətini pozur və nəticədə kosmonavt səmti itirir. Alimlər görməni sabitləşdirməyə kömək edən cihaz hazırlamaq istəyirlər.