Krakovda “Azərbaycan Gecəsi” təşkil edilib
Bakı, 15 dekabr, AZƏRTAC
Polşanın Krakov şəhərində təşkil edilmiş “Azərbaycan Gecəsi” layihəsi gənc soydaşlarımızı bir araya gətirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə Varşava Azərbaycan Evinin nümayəndələri, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatorları, həmçinin Krakovda yaşayan gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Polşa Azərbaycanlıları Şurası İdarə Heyətinin üzvü Şamo Qubadov bildirib ki, bir müddət əvvəl start verilmiş “Azərbaycan Gecəsi” layihəsinin növbəti ünvanı kimi Krakov şəhəri seçilib: “Bu layihənin Polşanın müxtəlif şəhərlərində keçirilməsi nəzərdə tutulub. İstəyimiz odur ki, bir arada olaq, bir-birimizlə daha da yaxından tanış olaq və şəbəkələşək. Ümid edirəm ki, “Azərbaycan Gecəsi” çox maraqlı, əyləncəli, yaddaqalan olacaq. Canlı musiqi ifaları hər birinizdə xoş təəssürat yaradacaq”.
Tədbir Varşava Azərbaycan Evinin nəzdindəki Mədəniyyət Mərkəzinin rəhbəri Fərid Abdullayevin gitarada ifasında musiqi əsərlərin səsləndirilməsi ilə davam edib. Polşada Azərbaycan diasporunun gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, gənclər birlikdə milli rəqslərimizi oynayıblar, Azərbaycan və xarici mahnıların karaoke ifalarını dinləyiblər.
Tədbirin sonunda Polşa Azərbaycanlıları Şurası adından qonaqlara milli suvenirlər hədiyyə edilib.