MƏDƏNİYYƏT
Kukla Teatrı yeni mövsümünə hazırlaşır
Bakı, 1 sentyabr, AZƏRTAC
Bu il 85 yaşını qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün yubiley mövsümünə başlayır.
Sentyabrın 1-də teatrda keçirilən iclasda yeni mövsüm, hazırlanacaq tamaşalar, ümumilikdə nəzərdə tutulan yaradıcılıq planları müzakirə olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə teatrın direktoru Rəşad Əhmədzadə yeni mövsüm münasibətilə kollektivi təbrik edib və yaradıcılıq uğurları arzulayıb. Bu mövsümün ümumilikdə milli teatrımız üçün məhsuldar və yaradıcılıq uğurları ilə zəngin keçməsini diləyib.
Ötən mövsümün uğurlu tamaşa və qastrol səfərləri, müxtəlif festivallardan mükafatlarla yadda qaldığını deyən teatrın direktoru istirahət müddətində də bu fəaliyyətin davam etdiyini bildirib. Belə ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ölkə teatrları arasında bir ilkə daha imza ataraq teatrın “YouTube” səhifəsini internet istifadəçilərinin ixtiyarına verib.
Teatrın yeni mövsümə sentyabrın 9-da start verəcəyini söyləyən R.Əhmədzadə həmin gün iki tamaşanın nümayiş olunacağını qeyd edib. İlk olaraq Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesinin motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı”, daha sonra isə rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” (rus dilində) tamaşaları nümayiş olunacaq.
Bundan başqa, teatr sentyabrın 15-dən 24-dək keçiriləcək “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında da təmsil olunacaq. Teatr burada son uğurlu səhnə nümunələrindən olan “Zəng” adlı monotamaşa ilə iştirak edəcək.
Rəşad Əhmədzadə ilin sonunadək daha iki yeni səhnə əsərinin nümayiş olunacağını da deyib. Belə ki, teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda Ş. Perronun “Qırmızıpapaq” və rejissor Anar Məmmədovun quruluşunda S.Sveyqin “Yad qadının məktubu” əsəri əsasında “Unudulmuş kukla” adlı monotamaşanın təqdim olunacağını bildirib. Artıq hər iki tamaşanın məşqləri gedir.
Direktor çıxışının sonunda son vaxtlar səhhəti ilə əlaqədar ciddi problemlər yaşayan teatrın aktyoru Rəhim Rəhimovla da bağlı məlumat verib. Heydər Əliyev Fondunun aktyorun müalicəsinə dəstək verdiyini deyib.
Kollektiv qarşısında ürək sözlərini bölüşən aktyor Rəhim Rəhimov isə onun müalicə məsələlərinə dəstək verən hər kəsə təşəkkür edib.
Teatrın baş rejissoru Qurban Məsimov da yeni mövsümün məhsuldar olması üçün qarşıda duran vəzifələrdən danışıb və yaradıcı kollektivə yeni sənət uğurları arzulayıb.