MƏDƏNİYYƏT
Kukla Teatrında yenidən “Zəng” səslənib
Bakı, 24 may, Aynur İsmayılova, AZƏRTAC
Mayın 24-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yenidən “Zəng” tamaşası təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.
Qeyd edək ki, teatrın istedadlı aktyoru Rəhim Rəhimovun iştirakı ilə nümayiş olunan mono-tamaşa aktyorun doğum gününə hədiyyə olub.
Sonda çıxış edən R.Rəhimov beş aydan sonra yenidən doğma teatrının səhnəsində, tamaşaçıların və balaca teatrsevərlərin onu izləməsindən xoşbəxt olduğunu söyləyib. Keçirdiyi ağır cərrahi əməliyyat nəticəsində yenidən həyata qayıdan aktyor bu ağır məqamda ondan dəstəyini əskik etməyənlərə təşəkkürünü bildirib.