MƏDƏNİYYƏT
Kulinarlarımız Beynəlxalq Kulinariya Çempionatında iştirak edirlər
Bakı, 16 may (AZƏRTAC). İspaniyanın Kanar adalarında Beynəlxalq Kulinariya Çempionatı keçirilir.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, çempionatda Azərbaycanı 5 nəfərdən ibarət komanda təmsil edir.
AMKA-nın prezidenti Tahir Əmiraslanov çempionatın münsiflər heyətində təmsil olunur.
Komandamız milli mətbəx nümunələrinin hazırlanmasında yerli məhsullardan istifadə edəcəkdir. Həmişə olduğu kimi, yarışda istifadə edilmək üçün “Azərsun Holding”in istehsalı olan “Möcüzə” kərə yağı, “Bizim tarla” məhsulları, “Final” tomat pastası və s. məhsullar seçilmişdir. Müsabiqədə “Azərçay”ın məhsulları da nümayiş etdiriləcəkdir.
Beynəlxalq Kulinariya Çempionatına mayın 18-də yekun vurulacaqdır.