CƏMİYYƏT
Külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb VİDEO
Bakı, 27 mart, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsinin, qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyəti uğurla davam etdirirlər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dövlət sərhədinin növbəti dəfə pozulmasının və külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı sərhədçilərin sayıqlığı sayəsində alınıb.
Martın 19-da saat 21:48-də Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd edən iki nəfər sərhəd pozucusu aşkar edilib. Təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq, üzərlərində olan qaçaqmalı ataraq havanın qaranlıqlığından və sərhəd xəttinə yaxın olmalarından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar. Xidməti ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 546 konvolyut “T-DOOL”, 300 konvolyut “Pregabalin,” 930 konvolyut “FOX DOL”, 30 konvolyut “Methadone”, 500 konvolyut “T-DOLL 200 ml”, 1000 ədəd “Mydrax” markalı psixotrop preparatları, 15 qram tiryək aşkarlanaraq götürülüb.
Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması məqsədilə müqabil tərəf məlumatlandırılıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.