MƏDƏNİYYƏT
“Kulturologiya və dayanaqlı inkişaf” layihəsi çərçivəsində görülmüş işlər müzakirə edilib
“Kulturologiya və insan inkişafı” adlı kitabın təqdimatı keçirilib
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşan “Kulturologiya və dayanaqlı inkişaf” adlı layihələnin yekunlarına həsr olunmuş tədbir keçirilib. Həmçinin “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədovun layihə çərçivəsində çap olunmuş “Kulturologiya və insan inkişafı” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Fuad Məmmədov layihənin yekunları barədə məlumat verib, görülmüş işlərdən, keçirilmiş görüşlərdən və əldə olunmuş nəticələrdən danışıb.
Bildirib ki, 2019-cu ilin may ayından başlayaraq ölkədə sistemli yanaşma metodlarının istifadə olunması ilə əlavə kulturoloji təhsil formasında həyata keçirilən “Kulturologiya və dayanaqlı inkişaf” adlı layihəyə start verilib. Layihənin məqsədi insan kapitalının, ölkənin dayanaqlı, rəqabətə davamlı və təhlükəsiz inkişafının əsası olan, Azərbaycanda yüksək mədəniyyətli, layiqli insanların formalaşdırılmasında dövlətə kömək üçün “Kamilliyə aparan yol” kulturoloji master-klasslar həyata keçirilməsidir. Layihə çərçivəsində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Respublika muzeylərinin rəhbərləri və aparıcı mütəxəssisləri, 189-190-nömrəli məktəblərin müəllimləri, tanınmış jurnalistlər, Azərbaycanın şimal regionunun mütəxəssisləri, əhalisi və gəncləri (Qusar şəhərində), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri, Azərbaycandakı müxtəlif cəmiyyətlər və QHT liderləri, “Ziyalı qadınlar” Cəmiyyətinin üzvləri üçün təlimlər keçirilib.
Müəllifi olduğu kitabla bağlı fikirlərini bölüşən Fuad Məmmədov deyib ki, respublika əhalisinin kulturoloji maarifləndirilməsi üçün çap olunan “Kulturologiya və insan inkişafı” monoqrafiyanın əsas vəzifəsi - Azərbaycanın milli maraqlarına cavab verən, davamlı, təhlükəsiz və rəqabətədözümlü inkişafı təmin edə biləcək, mütəxəssislərin, o cümlədən, müəllimlərin, məmurların, jurnalistlərin fasiləsiz kulturoloji yenidən hazırlanması, əhalinin maarifləndirilməsi, vətədaşların, şəxsiyyətlərin və liderlərin peşəkar və mənəvi kamilləşməsinə kömək göstərməkdən ibarətdir. Sistemli yanaşma əsasında hazırlanmış və kitabda əks olunmuş universal kulturoloji biliklər, ideyalar, formul və metodlar, mədəniyyətin mahiyyəti, xüsusiyyətləri, qanunauyğunluqları, texnologiyaları və dəyişdirici imkanlarının düzgün dərk olunmasına imkan verir. Daimi dialektik dəyişikliklər və qeyri-müəyyənliklər şəraitində, mütərəqqi sosial-mədəni transformasiyaların effektiv idarəolunması üçün bu biliklər əvəzolunmaz əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən digər natiqlər kitabın əhəmiyyətindən söz açıblar. Bildirilib ki, kitabda müəllif tərəfindən rəqabətədözümlü insan kapitalının, beynəlxalq münasibətlər mədəniyyətinin, multikulturalizmin, mədəniyyətlərin dialoqunun effektivliyinin, insan həmrəyliyinin, rifahın və humanitar təhlükəsizliyin artırılmasının əsasını təşkil edən yüksəkmədəniyyətli insanların formalaşdırılmasının kulturoloji texnologiyaları açıqlanır.
Natiqlər “Kulturologiya və insan inkişafı” kitabını Azərbaycan kulturologiya elminə çox dəyərli töhfə hesab ediblər.