REGİONLAR
Kürdəmir rayonunun təsərrüfatlarında kartof yığımına başlanılmışdır
Kürdəmir, 17 noyabr (AZƏRTAC). Son illərdə Kürdəmir rayonunun Kürqırağı ərazilərində payızlıq kartof əkini sahələri genişləndirilir.
AZƏRTAC xəbər verir ki, cari ildə rayonda 1333 hektar sahədə yazlıq kartof əkən, sahələrdən 14 min 35 ton məhsul götürən torpaq mülkiyyətçiləri bu mövsümdə 800 hektarda payızlıq kartof yetişdirmişlər. Payızlıq kartof əsasən Kürqırağı ərazilərdə, o cümlədən Axtaçı, Mehdili, Qocalı və Carrı ərazi vahidlərində əkilmişdir.
Bu günlərdə hər yerdə kütləvi məhsul yığımına başlanılmışdır. Əkinçilər il boyu bazarlarda böyük tələbat olan, elə buna görə də ailə büdcələrinə xeyli gəlir gətirən kartofu tez və itkisiz yığmaq üçün ciddi səy göstərirlər. Mütəxəssislərin qənaətinə görə, bu ilki mövsümdə hər hektardan orta hesabla 80 sentner olmaqla 6 min tondan çox məhsul götürüləcəkdir.