REGİONLAR
Kürdəmirdə 900 hektardan çox sahədə kartof əkiləcək
Kürdəmir, 30 yanvar, AZƏRTAC
Kürdəmir rayonunda qısa vaxtda 157 hektar sahədə kartof əkilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 910 hektarda kartof əkini gözlənilir. Hər il olduğu kimi, bu il də Kürqırağı ərazilərdə, o cümlədən Axtaçı, Köhünlü, Söyüdlər, Mehdili, Qocalı və bir sıra digər ərazi dairələrində əkin daha sürətlə və mütəşəkkil aparılır. Fermerlər və fiziki şəxslər əkində yerli şəraitə daha çox uyğun olan və tezyetişən “Penzen”, “Skayat”, “İskra”, habelə ortayetişən “Akvila”, “Temp” , “lorx” toxumlarından istifadə edirlər.
Qeyd edək ki, torpaq mülkiyyətçiləri ilboyu bazarlarda, habelə ailə mətbəxində böyük ehtiyac duyulan bu məhsulun əkininə böyük maraq göstərirlər. Təsadüfi deyildir ki, əkin sahələri, eləcə də məhsul istehsalı ildən- ilə artır. Ötən il rayonda 895 hektar sahədə əkin aparılıb və 13 min 671 ton kartof istehsal edilib ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur. Hər hektardan məhsuldarlıq 151,8 sentner olub. Bu, 2018-ci ildəki göstəricidən 12 sentner artıqdır.