Kürdəmirdə mağaza yanıb
Kürdəmir, 13 fevral, AZƏRTAC
Kürdəmirdə vətəndaşa məxsus mağazada yanğın olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Ərəbxana kəndində, kənd sakini Kənan Zöhrab oğlu İsmayılova məxsus mağazada baş verib. Alov qısa müddətdə ərazini bürüyərək bütün mağazanı əhatə edib. Mağaza və içərisindəki satış malları tamamilə yanıb. Hadisə yerinə FHN-in Kürdəmir rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Mağaza sahibinin sözlərinə görə mağaza qəsdən yandırılıb və ona ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.