CƏMİYYƏT
Kürdəmirdə məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər müzakirə olunub
Bakı, 9 iyun, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, Kürdəmir rayon M.Cəfərov adına Köhünlü kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşı Seyfəli Umarov, direktor Hüseyn Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Fizuli Cəfərov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxışlar zamanı milli vətənpərvərlik ruhu aşılayan mənəvi dəyərlərimizin məktəblilərin formalaşmasındakı önəmindən bəhs edilib. Məktəblilərin dünyagörüşünə, mənəvi inkişafına mənfi təsir göstərən amillərin, dini radikalizm, erkən nikah və narkomaniyanın gənclərimizin gələcəyi üçün real təhlükə yarada biləcəyi vurğulanıb. Məktəblilərin bəşəri dəyərlərə hörmətlə yanaşmasında, mənəviyyatlı, dünyagörüşlü, vətənpərvər gənclər olaraq yetişməsində ailənin, məktəbin və ictimaiyyətin danılmaz rolu olduğu qeyd edilib. O da bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində böyük zəhməti olan gənc nəslin yetişdirilməsində məhz yuxarıda qeyd olunan amillər əsaslı rol oynayıb. Bu sahə üzrə dövlətin həyata keçirdiyi gənclər siyasətinin əhəmiyyətindən və uğurlarından da danışılıb.
Tədbirin sonunda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.