KÜRÜN DELTASI LİLDƏN TƏMİZLƏNƏCƏKDİR
Neftçala, 10 may (AZƏRTAC). Kür çayının daşması nəticəsində ən çox zərər çəkən rayonlardan biri də Kürün deltasında yerləşən Neftçala rayonudur.
Ərazidə bəndçəkmə işlərinə cəlb olunan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə və müəssisələri rayonda təhlükənin aradan qaldırılmasını artıq təmin etmişlər.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev fəlakət bölgəsində vəziyyətlə tanış olduqdan sonra jurnalistlərə müsahibəsində demişdir ki, Kürün deltasında suyun Xəzər dənizinə qovuşduğu yerdə dərinlik bir metrə yaxındır. Qısa zamanda əraziyə xüsusi təyinatlı qazma qurğuları gətirməklə deltanın Xəzərlə qovuşduğu yerdə lildən təmizlənməsi işlərinə başlanacaqdır.
R.Abdullayev qeyd etmişdir ki, mütəxəssislər tərəfindən Kürün deltasındakı mövcud vəziyyət öyrənilmişdir. Hazırda çayın dənizə axını istiqamətində delta lillə tutulmuşdur. Vaxtilə suyun axınını təmin etmək məqsədi ilə inşa edilən kanalın dənizə qovuşan sahəsində də dərinlik yarım metrə düşmüşdür. Buna görə də ilk növbədə kanalın axını təmizləndikdən sonra, daha 9 kilometrlik məsafədə Kürün ana xəttinin axınının bərpası nəzərdə tutulmuşdur. Bu işlər görüləndən sonra isə çayın cənub istiqamətinə axını bərpa olunacaqdır. Məqsəd çayın gətirdiyi tullantılarla onun deltasının tutulmasının qarşısını təbii yolla almaqdır. Hazırda çayın axını şimal istiqamətinə yönəldiyindən, bu şimal küləyinin təsiri ilə çayın deltasının lillənməsinə gətirib çıxarır.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə isə bildirmişdir ki, bu gün Kür çayı bütün dövrlərlə müqayisədə ən çox gursululuğa malikdir. Çaydan hər saniyədə 1100-1200 kubmetr su ötürülür. Şirvan şəhərinin Bayramlı qəsəbəsində çayın bəndi uçurduğu yerdə dərinlik 18 metrə çatır.
Ümumiyyətlə, Neftçala rayonunda subasma təhlükəsi olan sahələrdə ümumi uzunluğu 123 kilometrə çatan bəndçəkmə işləri aparılmışdır.
Onlardan 64 kilometri orta təhlükəli sahələr hesab olunur. Yeddi kilometrlik ərazi isə daha təhlükəlidir. Lakin bu təhlükə Dövlət Neft Şirkətinin əraziyə cəlb edilən 150-yə qədər texnikası vasitəsilə aradan qaldırılmışdır. Şirkətin bütün idarə və müəssisələrinə aid texnika ilə yanaşı, mütəxəssisləri də ərazidə, habelə, Şorkənddə yaradılan operativ qərargahda bəndçəkmə işlərinə nəzarət edir.
Artıq rayonda əsas təhlükəli sahələrdə bəndçəkmə işləri başa çatdırılmışdır. Hazırda orta təhlükəli sahələr müəyyənləşdirilmiş və qüvvələrin həmin ərazilərə cəlb edilməsinə başlanılmışdır. Yerli əhalinin də yaxından iştirakı ilə 2 gün ərzində 20 mindən çox torpaq kisələri və 10 min kubmetrə yaxın torpaq daşınaraq bəndlərə vurulmuşdur.