REGİONLAR
Kürün Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində suyun səviyyəsi qalxıb
Salyan, 29 sentyabr, Mahir Babayev, AZƏRTAC
Son günlər havaların qeyri-sabit və yağmurlu keçməsi Kür çayında suyun səviyyəsinin qalxmasına təsir göstərib.
AZƏRTAC xəbər verir ki, bu, çayın Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində daha aydın müşahidə olunur. Təkcə son 10 gündə suyun səviyyəsi çayın Salyan rayonu ərazisindən keçən hissəsində 1 metrə yaxın, Neftçala rayonunda isə 40 santimetrdən çox qalxıb. Mütəxəssislər çayda suyun səviyyəsinin qalxmasını havaların həm yağmurlu keçməsi, həm də güclü küləyin axara qarşı əks istiqamətdə əsməsi ilə əlaqələndirirlər. Ancaq çayda suyun indiki səviyyəsi hər iki rayon üçün o qədər də təhlükəli deyil.