İQTİSADİYYAT
Küveyt aviaşirkəti sabahdan Bakıya uçuşlara başlayacaq
Bakı, 11 iyul, Elvin Camalov, AZƏRTAC
Küveytin 3-cü böyük milli aviadaşıyıcısı olan “Wataniya Airways” iyulun 12-dən Küveytdən Bakıya uçuşlara başlayır.
AZƏRTAC “al-qabas.com” qəzetinə istinadla xəbər verir ki, şirkət, eyni zamanda, Gürcüstanın paytaxtı Tbilisiyə və Bosniya və Herseqovinanın paytaxtı Sarayevoya da uçuşlara başlayır. Tbilisiyə uçuşlara bu gündən başlayan aviaşirkət bu istiqamətdə uçuşları həftədə 3 dəfə olmaqla yerinə yetirəcək. İyulun 12-13-də isə Bakı və Sarayevoya uçuşlar həyata keçirəcək şirkət həftədə 2 dəfə bu istiqamətlərdə uçacaq.
Qeyd edək ki, “Wataniya Airways” şirkəti maliyyə vəziyyətinin pisləşməsi və Yaxın Şərqdə yaranmış siyasi qeyri-sabitliklə əlaqədar 2011-ci ildən uçuşlarını dayandırmalı olub. Aviaşirkət hazırda “Airbus A320” təyyarələri ilə uçuşlara başlayacaq. Bu ilin sonlarında və ya gələn ilin əvvəllərində isə aviaşirkət balansındakı təyyarə sayını daha da artıracağını bəyan edib.