SİYASƏT
KÜVEYTDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Bakı, 12 dekabr (AZƏRTAC). Xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində dekabrın 12-də Azərbaycanın Küveytdəki səfirliyində anma mərasimi keçirilmişdir.
Səfir Şahin Abdullayev ulu öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, Ermənistanın hərbi təcavüzünün qarşısının alınmasında, uğurlu neft strategiyasının yaradılmasındakı xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, ümummilli liderin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan hərtərəfli inkişaf yoluna qədəm qoymuş, onun beynəlxalq aləmdə nüfuzu artmışdır.
Azərbaycanın İslam ölkələri və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunan səfir, mövcud əlaqələrin qurulması və inkişafında ümummilli liderimiz Heydər Əliyevin böyük rolunu vurğulamış, Prezident İlham Əliyevin cari ilin fevralında Küveytə səfərinin əhəmiyyətini qeyd etmişdir.
Küveytin nüfuzlu “Əl-Qabas” və “Əl-Roya” qəzetlərində səfir Şahin Abdullayevin Azərbaycan xalqının ümummilli liderinə həsr olunmuş məqalələri dərc edilmişdir.
Məqalələrdə ümummilli liderin həyat və fəaliyyəti geniş işıqlandırılmışdır.
Bundan başqa, səfirliyin foyesində ümummilli liderin xatirəsinə həsr olunmuş stend tərtib olunmuşdur.