SİYASƏT
“KUWAİT TİMES” QƏZETİNDƏ “HEYDƏR ƏLİYEV: AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ” MƏQALƏSİ DƏRC OLUNMUŞDUR
Bakı, 10 dekabr (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə bağlı Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayevin Körfəz regionu və Yaxın Şərqin aparıcı gündəlik ingilisdilli “Kuwait Times” qəzetində “Heydər Əliyev: Azərbaycanın ümummilli lideri” sərlövhəli geniş məqaləsi dərc edilmişdir.
Heydər Əliyevin vəfatı xəbərinin dərin hüzn və kədərlə qarşılandığını qeyd edən müəllif, müstəqilliyimizin memarı, ulu öndərin öz həyatını Azərbaycanın çiçəklənməsi və inkişafına həsr etdiyini, xalqımızın yaddaşında əbədi olaraq, xoş xatirələrlə qalacağını vurğulamışdır.
Dərin zəka, bilik, təcrübə və uzaqgörənliyə malik bir dövlət xadimi kimi Heydər Əliyevin şərəfli həyat yoluna nəzər salan Ş.Abdullayev ümummilli liderin təhsili, gənclik illəri və Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Məqalədə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrdə çalışdığı geniş işıqlandırılmışdır. Qətiyyətli iradəyə malik Heydər Əliyevin 1987-ci ildə Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun siyasətinə etiraz əlaməti olaraq, vəzifəsindən istefa verdiyini göstərmişdir.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR-in siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrildiyini yazan diplomat, ittifaqın yüksək siyasi rəhbərliyində mühüm vəzifə tutmuş yeganə müsəlman olan müdrik rəhbərin ərəb-müsəlman dünyasının yaxın dostu kimi daim ortaya çıxan problemlərin həllinə yardımçı olduğunu vurğulamışdır.
Məqalədə 20 Yanvar faciəsi ilə əlaqədar xalq ilə birlikdə Moskvada Azərbaycan nümayəndəliyi qarşısında Sovet hökumətinin qanlı siyasətinə etiraz edən Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və istəyi ilə ölkə rəhbərliyinə bir daha qayıtdığı vurğulanmışdır. Çətin zamanda hakimiyyətə gələn Heydər Əliyevin uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycan qısa müddətdə problemləri aradan qaldıraraq, davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur.
Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətinin nəticəsi olaraq ölkədə mərkəzi hakimiyyətin güclənməsi, xarici əlaqələrin genişlənməsi, demokratikləşmə prosesinin başlanması, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulması, “Əsrin müqaviləsi”nin imzalanması və tarixi İpək Yolunun bərpası məqalədə ətraflı işıqlandırılmışdır.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası haqqında ətraflı məlumat verən səfir bu siyasət nəticəsində Azərbaycanın Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını nəzərə çatdırmışdır.
Diplomat xalqımızın ümummilli lideri Heydər Əliyev məktəbinin yetirməsi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi, iqtisadi və fəal xarici siyasətin nəticəsində Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu və regionda lider dövlətə çevrildiyini vurğulamışdır.
Səfir məqaləni Heydər Əliyevin kəlamı ilə bitirərək, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olduğunu bildirmişdir.