MƏDƏNİYYƏT
“Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər” kitabının təqdimatı olmuşdur
Bakı, 15 may (AZƏRTAC). Mayın 15-də Beynəlxalq Mətbuat Mərkəzində Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 20 illiyinə həsr edilmiş tədbirdə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatının sədri Faiq İsmayılovun “Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər” kitabının təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına nəşr edilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov QHT-lərin son illər Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətində gördükləri işlərdən söz açmışdır.
Ermənilərin zaman-zaman Azərbaycana qarşı əsassız ərazi iddialarına cavab olan belə dəyərli kitabların əhəmiyyətini vurğulayan natiq demişdir ki, topluda Laçının tarixi keçmişi, mədəni inkişafı bütünlüklə öz əksini tapmışdır.
Təmsil etdiyi qurumun Azərbaycan həqiqətlərinin təbliği istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdıran F.Qurbanov bildirmişdir ki, son illər şura tərəfindən bu istiqamətdə 100-dən çox layihə reallaşdırılmışdır.
Yeni nəşrdə hələ indiyədək Azərbaycan mətbuatına məlum olmayan tarixi faktların olduğunu söyləyən kitabın müəllifi Faiq İsmayılov demişdir ki, burada, həmçinin Laçın rayonunun ermənilərə təslim edilməsinin gizli məqamları da açıqlanmışdır.
Bildirilmişdir ki, “Nurlan” nəşriyyat-poliqrafiya mərkəzində çap edilmiş 184 səhifəlik bu kitabda Laçının mədəniyyət abidələri, ərazisi, təbii sərvətləri, görkəmli adamları haqqında olduqca dolğun məlumatlar öz əksini tapmışdır.
Tədbir iştirakçıları Laçının işğalının 20 illiyini böyük kədər hissi ilə qeyd edəcəyimiz bu günlərdə belə bur kitabın nəşrini yüksək qiymətləndirmişlər.