REGİONLAR
Laçınlı məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırılır
Ağcabədi, 22 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2017-ci ilin birinci yarısında laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 22 səyyar qəbul keçirilib. 1902 nəfərin iştirak etdiyi bu qəbullarda 176 nəfərin, rayon icra hakimiyyəti başçısı aparatında isə 1626 nəfər rayon sakininin müraciəti dinlənilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci yarımilinin sosial-iqtisadi yekunlarına həsr olunan yığıncaqda məlumat verilib. Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilib, laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, cari ilin ötən dövründə Taxtakörpü və Qayğı qəsəbələrində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Taxtakörpü ərazisində məskunlaşmış köçkün ailələrini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 0,4 və 10 kVa-luq hava xətlərində cari təmir işləri görülüb, 5000 metr naqil yenisi ilə əvəz olunub. Qarıqışlaq, Vağazin, Mirik, Fingə və Qarakeçdi obalarında yeni transformatorlar quraşdırılıb, müxtəlif gücə malik 40 transformator təmir olunub. Qarakeçdi və Mişni obalarında 0,4 kVa-luq elektrik verilişi xətləri əsaslı təmir edilib. Əhalinin su təminatını yaxşılaşdırmaq üçün ərazidə iki subartezian quyusu qazılıb, Mişni obası və 21 ailəlik qəsəbədə su nasosları təmir olunub. Qarıqışlaq, Qılışlı, Mayis və Mişni obalarına çəkilmiş plastik içməli su borusunun yararsız vəziyyətə düşmüş 395 metr hissəsi yenisi ilə əvəz edilib.
Yığıncaqda diqqətə çatdırılıb ki, Laçın rayon əhalisi əsasən heyvandarlıq və bitkiçiliklə məşğul olur. Hesabat dövründə əhali və fermer təsərrüfatlarında 35 min 757 baş iribuynuzlu, 195 min 455 baş xırdabuynuzlu heyvan olub. Bu dövrdə 1172,5 ton ət, 10 min 318,5 ton süd və 351,5 ton yun istehsal olunub. Taxtakörpü ərazisində məskunlaşan məcburi köçkünlər taxıl biçinini başa çatdırıb, 2257 ton məhsul əldə ediblər. Hazırda Malıbəy və Alxaslı obalarında əkilmiş 101 hektar pambıq sahələrinə aqrotexniki qulluq göstərilir.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrə əsasən Taxtakörpü ərazisində qəsəbələrin tikintisi, 552 ailəlik qəsəbədə həyətyanı sahələrə təsərrüfat suyunun çəkilməsi, obalarda daxili avtomobil yollarının, içməli su xətlərinin tikintisi və bərpası qarşıda duran vəzifələrdir.