İQTİSADİYYAT
Laçınlı məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırılır
Ağcabədi, 21 oktyabr (AZƏRTAC). Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2013-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yığıncaqda laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsində tikinti-abadlıq işlərinin davam etdirildiyi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüldüyü diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, qəsəbədə təhsil şöbəsi üçün yeni bina istifadəyə verilmiş, 512 nömrəlik ATS quraşdırılmışdır. Elektrik enerjisi ilə təchizatı yaxşılaşdırmaq məqsədilə 45 transformatorda və 25 kilometr uzunluğunda elektrik hava xəttində təmir işləri aparılmışdır. Mişni və Vağazin obalarında yeni transformator qoyulmuş, yararsız vəziyyətdə olan 9000 metr naqil təzələnmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Şəki rayonunun Aydınbulaq kəndi ərazisinə 10 kv-luq elektrik verilişi xətti çəkilmişdir.
Qeyd olunmuşdur ki, Taxtakörpü ərazisindəki yollara 2010 kvadratmetr asfalt örtük salınmış, Vağazin, Malıbəy obalarında, laçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Qəbələ rayonunun Kürd kəndində və Şəki rayonunun Polimet ərazisində yollar əsaslı təmir edilmişdir. Təsərrüfat suyuna olan tələbatın ödənilməsi məqsədilə 10 nasos, mühərrik və transformatorda əsaslı təmir işləri aparılmış, 48 kilometr uzunluğunda kanallar lildən təmizlənmişdir. Eyni zamanda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq meliorasiya tədbirləri davam etdirilmişdir.
Yığıncaqda əhalinin içməli su təchizatının yaxşılaşdırılması, aqrar sektorun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən də söhbət açılmışdır. Belə ki, hesabat dövründə rayonda 32 min 120 baş iri buynuzlu, 193 min 950 baş xırda buynuzlu heyvan, 5395 arı ailəsi qeydə alınmışdır. Doqquz ayda 17 min 187 sentner ət, 105 min sentner süd, 3800 sentner yun, 952 min ədəd yumurta istehsal olunmuşdur. Həmçinin 5309 ton taxıl və 11 min 596 ton qaba yem tədarük edilmişdir.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da əksi tapmış, qarşıda duran vəzifələrdən danışılmışdır.