İQTİSADİYYAT
Laçınlı məcburi köçkünlərin içməli və suvarma suyuna olan tələbatları ödənilir
Ağcabədi, 9 avqust (AZƏRTAC). Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün işlər davam etdirilir.
Laçın Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə içməli su təminatının yaxşılaşdırılması məqsədilə ərazidəki su borusunun yararsız olan 3150 metr hissəsi yenisi ilə əvəz edilmiş, 2500 metr su xəttində və 1 ədəd elektrik su nasosunda təmir işləri aparılmışdır.
Taxtakörpü ərazisində təsərrüfat suyuna olan tələbatın ödənilməsi məqsədilə 10 elektrik mühərriki, nasos və transformator əsaslı təmir olunmuş, 26 kilometr uzunluğunda kanallar lildən təmizlənmişdir. “Azərbaycan Respublikasы regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Taxtakörpü ərazisində meliorasiya tədbirləri davam etdirilərək 1000 metr qapalı dren tikilmiş və beton kanalların kənarlarına 14 min kubmetr torpaq tökülmüşdür. Ərazidə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.