REGİONLAR
Lahıca 78 mindən çox turist səfər edib
İsmayıllı, 20 avqust, Adil Ağayev, AZƏRTAC
Gözəl flora və faunası olan İsmayıllı Azərbaycanın turizm cəhətdən inkişaf edən rayonlarındandır və bu gün bölgəyə gələn turistlərin ən çox üz tutduqları məkanlardan biri Lahıc qəsəbəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Böyük Qafqazın cənub yamaclarında, uca dağlar qoynunda yerləşən Lahıc qədim şəhərsalması ilə memarlığın orijinal nümunəsidir. Orta əsrlərdə şəhər kimi salınan, küçə və meydanlarına daş döşənmiş, kanalizasiya və su təchizatı sisteminə malik olan Lahıc Qafqazda və hətta onun hüdudlarından kənarda tanınan sənətkarlıq və ticarət mərkəzlərindən biri olub. Burada hazırlanan soyuq silahlar və naxışlı mis əşyalar onu daha da məşhurlaşdırıb. Bu gün dövlət tərəfindən tarixi-memarlıq abidəsi kimi qorunan Lahic Böyük İpək Yolu üzərində beynəlxalq turizm marşrutuna daxil edilib.
Qədim vaxtlardan Lahıc sakinləri dəmirçilik və qalayçılıq sənəti və toxuculuqla məşğul olublar. XIX əsrin ortalarında Lahıcda 200-dən çox sənətkarlıq emalatxanası olub. O vaxtdan, xüsusilə misgərlik sənətinin sirri nəsildən-nəslə ötürülərək bu gün də yaşadılır. Bu gün Lahıca gələn hər kəs istər yerli, istərsə də xarici turist sexlərdə misgərlərin hazırladıqları nümunələrə heyranlıqla tamaşa edir, çox vaxt da onları həvəslə alır. Təsadüfi deyil ki, bu il, xüsusilə yay aylarında Lahıca gələn turistlərin sayı artıb və 78 min nəfərdən çox olub.