DÜNYA
Latviya Baltiya və Finlandiyada vahid qaz bazarı yaradılması haqqında niyyət memorandumuna qoşulub
Riqa, 15 oktyabr, AZƏRTAC
Estoniya, Latviya və Finlandiyanın qaz nəqletmə və qazpaylaşdırma şəbəkələrinin operatorları – “Elering”, “Conexus Baltic Grid” və “Gasum” - 2020-ci ildən etibarən vahid qaydalar əsasında fəaliyyət göstərən qaz bazarı yaradılması haqqında niyyət protokolu imzalayıblar.
AZƏRTAC “Elering” saytına istinadla xəbər verir ki, operatorlar bu memorandumu imzalamaqla özlərinin milli qaz bazarlarının fəaliyyətini yaxşılaşdırmaq və qaz satıcıları arasında rəqabəti təmin etmək üçün gələcəkdə kooperasiyanı davam etdirmək istəklərini nümayiş etdiriblər. 2020-ci ildə Finlandiya ilə Estoniya arasında qaz kəməri çəkiləcək (bu kəmər Estoniya və Finlandiya qazpaylaşdırma şəbəkələri arasında gündə 7,2 milyon kubmetrə qədər qaz nəql etməyə imkan verəcək) və bundan sonra üç dövlət təbii qazın idxalı, tranziti və tarifikasiyası qaydalarını uzlaşdıracaqlar. 2022-ci ildə isə vahid qaz zonası yaradılması qaz bazarında şəffaflığı artıracaq.
Finlandiya, Latviya və Estoniyada qaz bazarının iştirakçıları yeni şəraitdə vahid qaz bazarı daxilində bütövlükdə qazın nəqli infrastrukturundan eyni səviyyədə istifadə edə biləcək, əlavə xərc çəkmədən və bürokratik əngəllər olmadan qazı dövlət sərhədlərindən sərbəst nəql edə biləcəklər. Vahid qaz bazarı yaradılması haqqında memorandumda nəzərdə tutulur ki, növbəti mərhələlərdə başqa tərəflər də müzakirələrə qoşula bilərlər.
Litva hələlik Latviya, Estoniya və Finlandiya arasında müqaviləyə qoşulmayıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa